Ermənistanda dövlət çevrilişinə cəhd olub | VİDEO

   Ermənistanda dövlət çevrilişinə cəhd olub    | VİDEO
  25 İyun 2025    Oxunub:950
İrəvanda aparılan genişmiqyaslı axtarışlar çərçivəsində dağıdılmış separatçı rejimin “parlament üzvü” adlandırılan David Qalstyan saxlanılıb.
AzVision.az xəbər verir ki, daxil olan məlumatlara istinad edən erməni Teleqram-kanallarının yazdığına görə, axtarışlar zamanı İstintaq Komitəsinin bəyanatını təsdiqləyən çoxlu maddi sübut, o cümlədən odlu silah aşkarlanıb.

Hazırda Eçmiədzin icmasının Ağsaqqallar Şurasının “Eçmiədzin” fraksiyasının bəzi tərəfdarlarının evlərində də axtarışlar aparılır.

“Təhlükəsizlik qüvvələri ölkədə sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “kriminal oliqarx ruhanilərin irimiqyaslı və pis planının” qarşısını alıb”, - Ermənistanın baş naziri Nikol Paşinyan öz Telegram-kanalında bildirib.



Axtarışlara məruz qalanlar arasında “Eçmiədzin” fraksiyasının üzvü Edqar Tamazyan, Artur Makaryan, Arsen Kazaryan və Armen Aleksanyan da var. Şəhər Ağsaqqallar Şurasında “Eçmiədzin” fraksiyasının rəhbəri Sevak Xaçatryan hakimiyyətin hərəkətlərini “absurd və qanunsuz” adlandırıb.

Tara Rid: “Paşinyan xristianları təqib edir”
Mənbələrə istinad edən “Hraparak” qəzetinin yazır ki, Paşinyan, eyni zamanda, “Taşir” Şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın ailəsinə məxsus bütün qurum və müəssisələrdə kompleks yoxlamalar aparmağı, onlara qarşı maksimum cərimələr tətbiq etməyi tapşırıb.

Hakimiyyətə yaxın mənbələr nəşrə bildiriblər ki, əslində Paşinyanın Ermənistanın Elektrik Şəbəkələrinin milliləşdirilməsi ilə bağlı bəyanatları “Karapetyana və müxalifətə psixoloji təzyiqi azaltmamağa” yönəlib.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) isə, bir sıra müxalifətçilərin evlərində axtarışlara başlayıb. “Daşnaksütyun” partiyasının ali orqanının orqanının nümayəndəsi İşxan Saqatelyan hüquq-mühafizə orqanlarının “Ermənistan” müxalifət fraksiyasının üzvü Artur Sarkisyanın evində axtarış aparmağa gəldiklərini açıqlayıb.

Mətbuatla əlaqələrə cavabdeh olan “Müqəddəs mübarizə” hərəkatının fəalı Lidiya Mantaşyan Ermənistanın İstintaq Komitəsinə gətirilib.

Müxalif “Ümummili erməni birliyi” partiyasının üzvlərinin evlərində də axtarışlar aparılır. Partiyanın bəyanatında baş verənlər “mövcud rejimin partiyanı qorxutmaq üçün növbəti boş cəhdi” kimi qiymətləndirilir.

Bununla yanaşı, Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdaşlarını ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham edib.



- 2024-cü ilin noyabr ayından etibarən arxiyepiskop Baqrat Ermənistan Konstitusiyası ilə icazə verilməyən üsulla hakimiyyət dəyişikliyinə nail olmağı qarşısına məqsəd qoyaraq, bu məqsədə çatmaq üçün hərəkatın bir sıra iştirakçılarının qabaqcadan razılığı əsasında qrup şəklində terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazımi vasitə və alətlər əldə edib. Onlar həm də qəsdən başqa şərait yaradaraq, bununla da hakimiyyətin qəsbinə hazırlaşıblar”, - İstintaq Komitəsinin press-relizində qeyd olunub.

Təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışları bitirdikdən sonra erməni keşiş saxlanılıb.




Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Ermənistan   axtarışlar  



Xəbər lenti